İran: ABŞ iğtişaşları dəstəkləməklə danışıq masasında böyük imtiyaz almaq istəyir

 “ABŞ-ın iğtişaşları dəstəkləməkdən əsas məqsədlərindən biri nüvə sazişi ilə bağlı danışıqlar masasında böyük imtiyazlar almaqdır.”

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan serbiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O, Serbiyaya baş tutan bu səfəri zamanı yerli jurnalistlərin suallarını cavablandıraraq, İranda son üç ayda baş verən etiraz və iğtişaşlara münasibət bildirib.

Əmir Abdullahiyan iğtişaşlarda ABŞ-ın roluna işarə edib və vurğulayıb: ABŞ və bir sıra Qərb ölkələri İranda xaos yaratmaq istəyirdilər və ABŞ-ın məqsədlərindən biri də İranı danışıqlarda böyük güzəştlərə məcbur etmək idi.

“İrandakı iğtişaşlar sui-istifadə, xarici müdaxilələr və mürəkkəb müharibə ilə müşayiət olundu və İran xalqı bu müharibədən qürurla çıxdı”, deyə o əlavə edib.

“Nüvə sazişinin bərpası üçün Avropa Birliyinin xarici siyasət rəsmisi cənab Borrell ilə sanksiyaların ləğvi ilə bağlı danışdım və İran xalqının mənafeyinə uyğun və davamlı bir razılaşmanın vacib olduğunu vurğuladım. Razılaşmanın son nöqtəsinə çatmağa çalışan Borrell, Mora və digər xarici işlər nazirlərinin səylərinə görə təşəkkür edirəm”, deyə Abdullahiyan nüvə sazişinin bərpası ilə bağlı danışıqların vəziyyətinə işarə edib.