İmran Xan partiyasının əyalət qanunvericilik orqanlarından istefa verəcəyini açıqladı

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xan noyabrın 3-də hücuma məruz qaldıqdan sonra ilk dəfə Ravalpindinin Rəhmanabad rayonunda minlərlə tərəfdarı qarşısında çıxış edib. Gülləkeçirməz şüşə arxasında danışan Xan, mövcud siyasi nizamın bir parçası olmayacaqlarını bildirib və "Bütün əyalət qanunverici orqanlarından istefa verməyə və bu pozğun sistemi tərk etməyə qərar verdik" deyib. Xan İslamabada girə biləcəklərini, lakin hər hansı bir xaos və dağıntıdan qaçmaq üçün paytaxta getməyi dayandırdıqlarını izah edərək, tezliklə əyalətin baş nazirləri və partiya liderləri ilə görüşəcəklərini və istefalarını nə vaxt elan edəcəklərinə qərar verəcəklərini əlavə edib.

Baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat (İŞİ) rəis müavini general-mayor Faysal Nasiri onu öldürməyə cəhddə ittiham etməyə davam edən Xan, bu insanların onu yenidən öldürməyə çalışacaqlarını iddia edib. Xan hökumətə növbədənkənar seçkilərin keçirilməsi çağırışını təkrar edərək, ölkənin iqtisadi və siyasi qeyri-sabitlikdən yalnız seçkilər vasitəsilə xilas ola biləcəyini söyləyib. Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan qurduğu ittifaqlarla Hayber Paxtunxva və Pəncab əyalətlərində, Azad Cammu Kəşmir və Gilgit Baltistan bölgələrində hökumətdədir.

Xatırladaq ki, noyabrın 3-də Vəzirabadda onun konvoyu atəşə tutularkən Xan hər iki ayağından yaralanıb. Silahlı hücumda Xanın ayağına 4 güllə dəyib. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Xanın hücumundan sonra İslamabada doğru yürüş dayandırıb və noyabrın 10-da Vəzirabaddan davam etdirildi.