ICMP: Ukraynadakı müharibədə 15 mindən çox insan itkin düşüb

İtkin düşənlər üzrə Beynəlxalq Komissiyanın (ICMP) rəsmisinin cümə axşamı bildirdiyinə görə, Ukraynadakı müharibədə 15 mindən çox insan itkin düşüb. Məlumatı Operativtv.com Amerikanın Səsi-nə istinadən xəbər verir. 

Haaqada yerləşən, 1990-cı illərin Balkan müharibələrindən sonra yaradılan təşkilat Ukraynaya sənədləşdirməyə və itkin düşmüş insanları axtarmağa yardım etmək üçün iyul ayında Kyivdə ofis açıb.

ICMP-nin Avropa üzrə proqram direktoru Metyu Hollidey deyib ki, nə qədər insanın məcburi köçürüldüyü, Rusiyada həbsdə saxlandığı, sağ olub ailə üzvlərindən ayrı düşdüyü və ya öldükdən sonra müvəqqəti məzarlarda basdırıldığı məlum deyil.

Hollidey Reuters xəbər agentliyinə Ukraynada itkin düşənlərin araşdırılması prosesinin hətta döyüşlər dayansa belə, illərlə davam edəcəyini deyib. Rəsmilərin hesablamalarına görə, təkcə liman şəhəri Mariupolda 25 min nəfərin öldüyü və ya itkin düşdüyü nəzərə alınarsa, 15 min rəqəmi azdır.

"Rəqəmlər çox böyükdür və Ukraynanın üzləşdiyi problemlər də böyükdür. Bununla bərabər onlar hazırda Rusiya Federasiyasına qarşı müharibə aparır" Hollidey deyib.

O, bunları Ukrayna prezidenti Volodimir Zelenskinin raket hücumunun Ukrayna şəhərlərini dəhşətli qaranlığa qərq etməsindən sonra BMT-dən mülki infrastruktura hava hücumlarına görə Rusiyanı cəzalandırmağı tələb etməsindən sonra deyib.