Həqiqi liderlik

Həqiqətlə mövcud durumun eyniliyi çox zaman uzlaşmır. Dünya siyasi liderlərinin əksəriyyətinin demokratiya, azadlıq, ədalət prinsiplərini şüar edərək, bir çox yalançı vədlər verməklə özlərinə tərəfdar topladıqdan sonra diktatura rejimi qurduqları tarixin müxtəlif zaman kəsiyində özünü biruzə verməkdədir. İnsanlığa xidmət hər zaman olduğundan daha çox bu gün öz aktuallığını qorumaqdadır. Yalan vədlərdən, insan azadlığının istismara çevrilməsindən, təkəbbür, özbaşınalıq hallarının bəşər övladını yorub tükəndirməsindən bezən insan həqiqi haqq ədalət teşnəsidir. Bəzən hüquq və azadlıqların müasir dünyada əsas prinsiplərindən olmasını vurğulayanlar, həqiqətdə bunun hansısa maraqlara çatmaq yolunda şüara çevirdiklərinin şahidi oluruq. Bir sözlə səmimiyyət, qayğı, həqiqi azadlıq, haqq-ədalət gözləntisində olan insan övladı sonda yalan, fırıldaq, istismar, mədəni quldarlıqla üzləşdiyini görüb böyük bir ümidsizliyə qapılaraq artıq kiməsə güvəninin qalmadığı qənaətinə gəlir. Ümumiyyətlə hər bir sahənin saxtakarı o sahəyə ən çox ziyan vurandır. Adi tənqidi belə qəbul edə bilməyən, edilən tənqiddən nəticə çıxarmaq yerinə, tənqid edəni hədəfə almaq cəmiyyətdə daha çox ümidsizlik yaradır. Danışığı ilə əməli düz gəlməyənlər cəmiyyətin idarəçisi olanda problemlər öz həllini tapmaz, əksinə daha da dərinləşər. Həqiqət təşnəsi olan müasir dünya insanı artıq ona zorla təqdim olunanı seçmək məcburiyyətində olmadığını anlayır və yeni axtarışlar aparmaq istəyində olduğunu bəyan edir. Eyni zamanda həqiqətə gedən yolda qurulan maneələr, əngəllər də işi biraz da çətinləşdirir. İnsanın mənfəətpərəstlərin diqtəsindən çıxaraq azad olmaq istəyi hər ötən gün artmaqdadır. Lakin yenə də həqiqətin düzgün ünvanına yetişmək çətinlik olaraq qalmaqdadır. Bunun əsas səbəblərindən biri haqqın bəzi qaranlıq dairələr tərəfindən batil kimi təqdim olunmasındadır. Bunda zay əməli ilə həqiqət carçısı görünənlərin payı da az deyil. Eyni zamanda insanları ictimai azadlığa dəvət edənlərin mənəvi azadlıqdan pay aparmamaları da mühüm rol oynamışdır. İlk növbədə İnsanın öz vücudu, ruhu azad olmalıdır ki, başqalarına da azadlıq bəxş edə bilsin. Görəsən dünyanın azadlıq simvolu kimdir? Tarixin İslam peyğəmbərindən sonra ən böyük ədalət carçısı, həqiqi demokratı, azadlıq simvolu İmam Əli əleyhissəlamın hakimiyyəti dönəmində necə insan haqlarına, ədalət prinsipinə əməl etdiyinin şahidi oluruq. Hakimiyyəti dövründə “Sürətlə köhnəlməyə və çürüməyə doğru gedən və uzun müddət torpaq altında qalacaq nəfsə görə kiməsə necə zülm edim?” deyən ədalətli, təqvalı lider. Hər zaman Əli (ə) kimi olan, ən azı onun yolunu davam etdirən, öz nəfsi ilə haqq hesab çəkən “ey dünya, get məndən başqasını aldat “, deyən şəxs həqiqi mənada azad ola və başqalarına azadlıq bəxş edə bilər. İnsanların hüquq və azadlıqlarına riyakarlıq və ikiüzlülüklə deyil, həqiqi mənada o şəxs hörmət göstərə bilər ki, qəlbində, vicdanında ilahi çağırış olsun və həmin çağırışa boyun əysin. Əgər mənəviyyat və Allah qorxusuna malik olan bu şəxs, insanlara hakim olsa və xalq ona tabe olsa, siz onların arasında hakim-təbəə münasibətinin şahidi olmazsınız. İnsanlar zehinlərində hakim barəsində daha öncədən olan təsəvvürlərə əsaslanaraq, onunla distansiya saxlamaq istəyərlər, amma o xalqdan onunla məsafə saxlamamasını istəyər. Səfərlərin birində İmam Əli əleyhissəlam bir məntəqəyə yetişdikdə, insanlar onun atının qabağına qaçmağa başlayırlar. İmam (ə) onlardan nə üçün belə etdiklərinin səbəbini soruşduqda belə cavab verirlər: Ağa, biz bu yolla böyüklərimizə, hökmdarlarımıza hörmətimizi bildiririk. İmam (ə) bu işi görməmələrini onlara buyurur: “Bu iş sizi alçaldar, nə üçün özünüzü xəlifə qarşısında xar edir, alçaldırsınız? Mən də sizin kimi bir bəşər övladıyam, bundan əlavə siz həmin işi görməklə mənə nəinki yaxşılıq edirsiniz, əksinə, pislik edirsiniz. Siz elə edərkən - Allah eləməmiş - ola bilər məndə lovğalıq yaransın və mən özümü sizdən üstün hesab edəm". Budur əsl səmimiyət, əsl azadlıq simvolu. Başqa bir yerdə camaatla görüşündə belə buyurur: “Mənimlə zalımlarla danışdıınız kimi danışmayın, zalımların qarşısında işlətdiyiniz və kiçilməyinizə, alçalmağınıza, ayaq altına düşməyinizə səbəb olan, onu isə göyə qaldıran, hörmətə mindirən sözləri mənim qarşımda işlətməyin!" "Mənim qarşımda insanların özünü qəddar hökmdarların qarşısında cilovladığı kimi cilovlamayın, mənimlə riyakarcasına davranmayın". "Yalandan dediyim hər işin doğru olduğunu təsdiqləməyin!" "Deyilən haqq sözün mənə ağır gələcəyini güman etməyin, elə bilməyin ki, qarşımda haqqı desəniz, o məni incidəcək. Məni haqlı olaraq tənqid edin, o mənə ağır gəlməyəcək və onu tam məmnuniyyətlə qəbul edəcəyəm." Bir sözlə İmam (ə) camaata ona yaltaqlanmamalarını, onu tərifləməmələrini bildirir. Vəzifə, hakimiyyət əslində insanlara xidmət üçündür deyə qorxu və zorakılığın müqabilində insanların təzim edərək hakim qarşısında özlərini kiçildib, qul olmalarının qəbuledilməz olduğunu bəyan edir. Qanunların işlək olduğu və ədalətli, azad insanların hakim olduğu məmləkətlərdə belə olur.

 

Dünyanın maddi cəhətdən müasir görkəmi mənəvi baxımdan islah olduğu anlamına gəlmir. Hər bir uğur vicdanın təmizliyindən, nəfsin təzkiyəsindən və haqqa bağlıqdan keçir. 

 

İlahiyyatçı Elçin Qasımov

Müəllifin məqalələri: