Din xadimindən Fazil Mustafanın Gürcüstandakı müsəlman din xadimləri ilə bağlı sözlərinə sərt reaksiya

"Biz, keçmiş fəto dilli cənab Qəzənfəroğlunun bu cür qərəzli və fitnə dolu sərsəmləmələrinin artıq bir neçə dəfə şahidi olmuşuq. Bizim üçün onun hədəf və məqsədinin nə olduğu gün kimi aydındır. Amma iddia və ittihamlarının bir neçəsinə xüsusi olaraq işarə etmək istəyirik".

Aktual.ge məlumat verir ki, bunları İlahiyyatçı Hacı Qurban Murquzov Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafanın müvafiq çıxışına cavab olaraq söyləyib.

Onun sözlərinə görə, Fazil Mustafa Gürcüstan azərbaycanlıları üzərindən öz hədəflərinə çatmaq istəyir.

"Qəzənfəroğlu, axı siz millət vəkilisiz rəsmi bir tribunadan belə ədəbdən uzaq bir ifadə ilə Gürcüstan azərbaycanlılarını aşağlamağınız nə sizin məqamınıza və nə də Azərbaycan Dövlətinin maraqlarına uyğun deyil. Əlhəmdulillah, Gürcüstan Azərbaycanlıları digər tam hüquqlu Gürcüstan vətəndaşları kimi, yetərincə dünyəvi və ali dini təhsilə malik bəsirətli insanlardır. Sizin o cəhalət dediyiniz, əgər Allah, Peyğəmbər və İmamlarını tanıyıb, dini vəzifələrini İslamın buyurduğu kimi yerinə yetirmək, haqq və batili ayırd etmək bəsirətidirsə, xoş bizim halımıza. Amma anlaşılan odur ki, sizin qəsdiniz Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yox, timsah göz yaşları tökərək, onların üzərindən öz hiyləli planlarıniza hədəflərinizə yetişməkdir. Artıq, bu cür zamanı keçmiş iddia və ittihamlarla insanları manipulyasiya etmək çox cılız görünür, bunuda xatırlatmış olaq" - , deyə din xadimi qeyd edib.

Gürcüstandakı müsəlman din xadimlərinin vətənləri Gürcüstana xidmət etdiyini qeyd edən Hacı Qurban deyib:

"Gürcüstanda yaşayan azərbaycanlı ruhanilər məzhəbindən asılı olmayaraq, hər biri orta və ali dini təhsilini Azərbaycan, Türkiyə, İran, İraq, və Suriyada alıb və vətənləri Gürcüstana qayıtmış və illərdi məscid və din ocaqlarında müsəlmanların xidmətində fəaliyyət göstərməkdədirlər. Cənab Qəzənfəroğlu, yəqin ki xəbəriniz olar, böyük dini təhsil ocaqları sırasında illərdir fəaliyyət göstərən Nəcəf və Qum elmi hövzələri həmişə Cəfəri məzhəbi üzrə ali təhsil almaq istəyən insanların üz tutduğu yeganə ünvanlardır. Odur ki, bu hövzələri və orada təhsil alan ruhaniləri təhlükə kimi görüb və göstərməyiniz bundan xəbər verir ki, siz elə məkirli və mürəkkəb cəhalətə bulaşmış fikirlərin sözçülüyünü edirsiz.

Son olaraq onuda qeyd etmək yerinə düşər ki, Gürcüstanda azərbaycanlı ruhanilər Gürcüstan Müsəlmanları İdarəsinin əməkdaşlarıdırlar. Hər biri icraçısı olduğu ruhani vəzifələrini dinindən və idari vəzifələrini isə elə həmin idarədən alırlar.

Fürsətdən istifadə edib, cənab Qəzənfəroğluya bir ruhani tövsiyyəsi vermək istərdim, cənab Qəzənfəroğlu, daha gözəl olar ki, din və məzhəb düşmənçiliyinə sərf etdiyiniz enerjinizi, millət vəkili olduğunuz insanların problemlərinin həllinə sərf edəsiz. Bu həm Allah və həm də Allah bəndələrinə xoş olar. Axı siz, uzun illərdir millət vəkilisiz".

Xatırladaq ki, 29 noyabr tarixində Azərbaycanın millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib: "Gürcüstanda olan din xadimlərimizin əksəriyyətini ya İran öz dini müəssisələrində hazırlayır, ya da Borçalıya onlara müəyyən tapşırıqlar verərək qaytarır".