Bu gün 12-ci İmam Həzrət Mehdinin (ə) mövlud günüdür

Bütün müsəlman məzhəbləri və firqələri qiyamət günü çatmamış İmam Mehdinin (ə) zühur edəcəyi və dünyanı ədalətlə təmin edəcəyini qəbul edir və buna inanır. Bu gün o həzrətin mövlud günüdür.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə müqəddəs şaban ayının 15-i, 12-ci imam Həzrət Məhəmməd ibn Həsən əl-Məhdinin (ə) mövlud günüdür. İmam hicri təqvimi ilə 255-ci ildə dünyaya gəlib.

“Sahibəzzəman”, “Vəliyyi-əsr”, “Vəd edilmiş Mehdi”, “Höccət” 12-ci imamın ən məşhur ləqəbləridir.

Peyğəmbərdən (s) nəql edilən hədisə əsasən, onunla Mehdinin adı və künyəsi eynidir və o, dünyanın sonuna bir gün qalsa belə, zühur edərək, yer üzündə ədaləti bərpa edəcək.

Bir çox hədislərdə qeyd edilir ki, müsəlmanlar bunun üçün, birinci növbədə, özlərini və cəmiyyətlərini islah etməli və bundan sonra onun gəlişini gözləməlidirlər.

Bəzi hədislərdə isə özlərini islah etmiş möminlərin 12-ci imamı gözləmələrinin ibadət kimi qəbul edildiyi bildirilir.

Tanınmış sünni alimləri, o cümlədən Əhməd bin Hənbəl Müsnəd adlı əsərində “Mehdi” adlı fəslində Peyğəmbərin (s) 12-ci imam barədə hədisini qeyd edərək, Mehdinin (ə) Fatimə (ə) övladı və 12-ci rəhbər olduğunu söyləyib.

Məkkədə yaşayan Qüreyş tayfasından və Peyğəmbərin (s) nəslindən olan, Mehdi ləqəbli 12-ci rəhbərin cəmiyyətə çıxaraq ədaləti bərpa edəcəyi heç bir müsəlman məzhəbi tərəfindən təkzib edilməyib və məhz buna görədir ki, hazırda qeybdə olan imamın doğum günü xüsusi təmtəraqla qeyd edilir.

Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da məscidlər və dini ocaqlarda İmamın doğum günü keçirilir.