Bəşər Əsəd Suriya parlamentində çıxış edərək Ərdoğana yaşıl işıq yandırdı

Suriya prezidenti Bəşər Əsəd normallaşma prosesi ilə bağlı Ankara və Dəməşq arasında danışıqlara başlamaq təkliflərinə müsbət cavab verib. Əsəd açıqlamasında Türkiyənin Suriyadakı hərbi mövcudluğunun bu prosesin başlanmasına maneə törətmədiyini vurğulayıb.

Bu yaxınlarda Rusiyanın vasitəçilik səyləri ilə sürətləndirilən normallaşma prosesində Suriya başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin yüksək səviyyəli rəsmilərinin müsbət bəyanatlarına müsbət və isti reaksiya verib.

Suriya parlamentində çıxış edən Əsəd açıqlamalarında Türkiyə ilə normallaşma prosesi ilə bağlı məsələlərə də toxunub.

Çıxışında Rusiya, İran və İraqın vasitəçilik səylərinə toxunan Əsəd, "Vasitəçilərin ciddi və səmimi səylərinə baxmayaraq, təşəbbüslərdə nəzərəçarpacaq irəliləyiş yoxdur" deyib.

Türkiyə ilə normallaşma danışıqlarına başlamaq üçün heç bir maneə olmadığını bildirən Bəşər Əsəd, "Münasibətlərin normallaşması üçün Türkiyə qüvvələrinin Suriya ərazisindən çıxarılması kimi mövcud vəziyyətə səbəb olan siyasətlər tərsinə çevrilməlidir" deyə qeyd edib.

Hər iki ölkənin suverenliyini təmin edən və gələcək danışıqların yol xəritəsini müəyyən edən sazişin imzalanmasına çağıran Əsəd, mümkün danışıqlara qeyd-şərtsiz yaşıl işıq yandıraraq, “Türkiyə qüvvələrini geri çəkməsə, danışıqlara başlamayacağımız doğru deyil” söyləyib.