BƏƏ dövlət başçısı ilk dəfə olaraq Taliban hökumətinin müdafiə nazirini qəbul edib

 Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı ilk dəfə olaraq Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqubu qəbul edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yaqub BƏƏ paytaxtı Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayid Ali-Nihyanla görüşüb.

Talibanın Müdafiə Nazirliyinin verdiyi xəbərdə deyilir ki, iki tərəf əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı münasibətlər və əlaqəli mövzular barədə danışıblar.

Məlumata görə, Əfqanıstanda bəzi hava limanlarının idarəçiliyi və hərəkatın başçılıq etdiyi hökumətin beynəlxalq müstəvidə tanınması məsələsi də müzakirə edilib.

Qeyd edək ki, 32 yaşlı Molla Məhəmməd Yaqub Taliban hərəkatının təsisçisi Molla Ömərin oğludur. O, bundan öncə ABŞ və digər Qərb dövlətləri tərəfindən axtarışda idi.