Avropa İttifaqı rəsmi Bakını əsassız yerə həbs olunanları azad etməyə çağırır

Avropa İttifaqı (Aİ) azərbaycanlı gənc alim Bəhruz Səmədovun həbsindən narahatlıq ifadə edib və Azərbaycan hakimiyyətini əsassız yerə həbs olunanları azad etməyə çağırıb.

Politico nəşrinə danışan Aİ-nin xarici məsələlər üzrə sözçüsü Peter Stano Səmədovun həbsini “narahatlıqla izlədiklərini” bildirib.

Rəsmi Bakının siyasətini tənqid edən məqalələri və Cənubi Qafqazda sülhü təbliğ edən çıxışları ilə tanınan siyasi tədqiqatçı, Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov avqustun 21-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb.

Avqustun 23-də Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Səmədovun dövlətə xəyanətdə ittiham olunduğu bildirilir.

“Onun [Bəhruz Səmədovun] işi keçən ilin sonundan etibarən müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin narahatlıq doğuran və artan sayının üstünə gəlir”, Peter Stano vurğulayıb.

Stano Aİ-nin rəsmi Bakını fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə dair çağırışını yeniləyib və saxlanılanların hüquqlarının təmin edilməli olduğunu qeyd edib.

“Azərbaycanı şəffaflığı və zəruri prosesi, eləcə də bütün saxlanılanlar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırırıq”, Aİ rəsmisi əlavə edib.

Bəhruz Səmədov ötən gün baş tutan məhkəmədə ona qarşı DTX-da təzyiqlərin olduğunu bildirib.

Səmədovun vəkili Zibeydə Sadıqova məhkəmənin bu məsələni Baş Prokurorluğun araşdırması üçün qərar qəbul etdiyini deyib.

Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi Birləşmiş Millətlərin İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində jurnalistlərin, fəalların kütləvi həbsi yerli və beynəlxalq insan hüquqları təşkilatları tərəfindən narahatlıqla qarşılanır.

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda onlarla jurnalist, fəal, siyasi müxalifət və vətəndaş cəmiyyəti nümayəndəsi həbs edilib.

Avqustun 23-də Freedom House təşkilatı COP29-da iştirak edəcək hökumətləri insan hüquqlarına hörmət etməsi üçün Azərbaycana təzyiqləri artırmağa çağırıb.

“Payızda baş tutacaq COP29 ərəfəsində biz iştirakçı hökumətləri Əliyev rejiminin mətbuat azadlığına hücumlarına son qoyması və haqsız yerə həbs edilmiş bütün media işçilərini dərhal azad etməsi zərurətini qətiyyətlə vurğulamağa çağırırıq”, Freedom House X səhifəsində qeyd edib.

Rəsmi Bakı isə çağırışları və tənqidləri “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini qeyd edir.

 

 

AmerikanınSəsi