Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvünü azad etməyib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, cümə günü Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının üzvü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham olunan Şahin Qədirlinin həbsindən şikayəti təmin etməyib.

Onun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, istintaqın məlumatına görə, ondan 7 qram metamfetamin aşkar edilib. Qədirli ittihamı rədd edib.

Vəkil ittihamın əsassız olduğunu qeyd edib. İşdə bildirilir ki, Qədirli narkotik maddəni  “satış məqsədilə” əldə edib, lakin onun narkotik maddə alverilə məşğul olmasına dair heç bir sübut yoxdur.

Vəkil onu da qeyd edib ki, Qədirli saxlanılandan sonra doğmaları ilə əlaqə saxlamasına, öz seçdiyi vəkili dəvət etməsinə imkan verilməyib. Səkkiz gün ərzində ailəsinə onun saxlandığı yer barədə məlumat verilməyib. Yalnız bu gün məhkəmədə məlum olub ki, istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Dövlət Təhlükəsizliyi Xidmətinə verilib. Qədirli isə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.

Vəkil qeyd edib ki, narkotik maddələrlə bağlı cinayət işlərinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin yox, polisin səlahiyyətinə daxildir.

Müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldıracaq.