Almaniyadan Tale Bağırzadəyə dəstək aksiyası

Bu gün bir qrup siyasi mühacir Almaniyanın Berlin şəhərində „Siyasi məhbus Tale Bağırzadəyə qarşı işgəncəyə son“ adlıaksiyası keçirib. Mühacirlərin aksiya keçirməsinə səbəb artıq 5 gündür aclıq aksiyasına başlayan Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin 12 saylı cəzaçəkmə müəssisəsində məruz qaldığı təzyiqlə bağlıdır. Belə ki, yeni köçürüldüyü müəssisədə müavin Babək İsgəndərovun ilahiyyatçıya qarşı iyrənc davranış aksiya üzvüləri tərəfindən kəskin pislənib. „Amnestey İnternational“ təşkilatına önündə baş tutuan aksiyanın qətnaməsi „Amnestey İnternational“ və digər hüquq-müdafiə təşkilatlarına təqdim edilib. Qətnamədə deyilir:

 

01 dekabr 2022-ci il tarixdə Almaniyanın Berlin şəhərində keçirilən "Siyasi məhbus Tale Bağırzadəyə qarşı işgəncəyə son" aksiyası iştirakçılarının „Amnestey İnternational“ təşkilatına və digər hüquq-müdafiə təşkilatlarına

M Ü R A C İ Ə T İ

              Hazırda 7 ildən artıq həbsdə olan siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının (MBH) sədri Tale Bağırzadəyə qarşı növbəti işgəncə rejim tərəfindən həyata keçirilir. Buna səbəb olaraq MBH sədri 26 noyabr tarixindən həbsxanada aclıq aksiyası keçirir.

Qeyd etmək istərdik ki, MBH sədri Tale Bağırzadə 2015-ci il 26 noyabrda siyasi hakimiyyətin sifarişi əsasında Bakı şəhəri Nardaran qəsəbəsində həyata keçirilən və 6 nəfərin ölümüylə nəticələnən xüsusi əməliyyat nəticəsində həbs edilib. Həmin zaman onunla birlikdə 100-dək MBH üzvü də həbs edilmişdi. T.Bağırzadə 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə MBH-nın 42 nəfər üzvü 13-20 il arasında həbsə məhkum edilmişlər.

              Hal-hazırda baş verənlərin  əsas səbəbi 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Babək İsgəndərovun T.Bağırzadəyə qarşı insan ləyaqətini alçaldan ifadələr işlətməsi və fiziki işgəncənin baş verməsi ilə bağlıdır. Baş verən hadisə ilə bağlı vəkillər Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov 12 saylı Cəzaçəkmə müəssisəsində MBH-nin rəhbəri Tale Bağırzadə ilə görüşüb. Onların bildirdiyinə görə Hərəkat sədri daha çox təhqir olunduğuna görə aksiya keçirdiyini bildirir. T.Bağırzadə hüquqlarının bərpasına  nail olmaqla yanaşı, həm də qeyri-insani davranışa və hədəyə məruz qalmasına etiraz edir.

Hacı Tale Bağırzadə son zamanlar Azərbaycan və İran arasında yaranan gərginliklə bağlı da münasibətini bildirib. "Mən həmişə dövlətimizin müstəqilliyininin tərəfdarı və xalqın yanında olmuşam. Azərbaycan mənim üçün qırmızı xətdir. 2020-ci ildə ikinci Qarabağ savaşı başlayanda da həm mənim , həm də təşkilatımızın bəyanatlarımız olub. Biz o zaman da İran rəsmilərindən tələb etmişik ki, uşaq qatili Ermənistanın, yoxsa haqq savaşı aparan Azərbaycanın yanında olmaqlarını açıq bəyan etsinlər. MBH-nın onlarla üzvü döyüşlərdə iştirak edib, onlardan üç nəfəri şəhidlik zirvəsinə yüksəlib. 2022- ci ilin avqustunda Londonda səfirliyimizə hücum olanda, bayrağımızın yerə atılmasına da etirazımız olub. Sentyabr döyüşləri zamanı İranın "Zəngəzur bizim qırmızı xəttimizdir" deməsinə də etiraz edərək bir daha müstəqilliyimizdən yana olduğumuzu bəyan etmişik, ordumuzun və dövlətimizin yanında olduğumuzu bildirmişik",- deyə Tale Bağırzadə açıqlama verib.

              Hörmətli həmkarlar!

              MBH-nin sədri Hacı Tale Bağırzadənin azad edilməsi üçün aşağıda qeyd olunan bəndlərin həyata keçirilməsində bizə dəstək verməyinizi Sizdən xahiş edirik:

•            Tale Bağırzadəyə qarşı işgəncələrə son qoyulsun;

•            Tale Bağırzadə qeyd-şərtsiz azad edilməlidir;

•            Azərbaycan hökumətinə T.Bağırzadənin azad edilməsi istiqamətində təzyiqlər edilsin;

•            Ölkədə siyasi təqiblərə və repressiyalara son qoyulsun;

•            Siyasi məhbuslar azad edilsin.