Prezidentin Mətbuat Xidməti: İnsan hüquqlarını bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir

Azərbaycan Prezidentinin Mətbuat Xidməti Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Antoni Blinkenin aprelin 3-dəki telefon danışığı zamanı insan hüquqları ilə bağlı məsələnin müzakirəsi barədə ABŞ Dövlət Departamentinin məlumatına münasibət bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərov isə haqsız olaraq həbs edilən şəxslərin azadlığa buraxımasını vacib sayır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ Dövlət katibi Antoni Bilinken ilə Prezident İlham Əliyev arasında telefon danışı zamanı Dövlət katibi Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Bununla yanaşı, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin aprelin 3-də telefon danışığı ilə barədə yaydığı məlumatda insan hüquqları ilə bağlı məsələ yer almayıb.

AZƏRTAC dövlət agentliynin insan hüquqları məsələsi ilə bağlı sualının cavabında bu gün, aprelin 4-də Prezidentin Mətbuat Xidməti aşağıdakıları bildirib.

“Bəli, telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulmuşdur. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.

Prezident İlham Əliyev telefon danışığı zamanı həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsini bildirmişdir. Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir”, AZƏRTAC-ın məlumatında deyilir.

Öz növbəsində, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, rəsmi Bakının yaydığı məlumatla ABŞ Dövlət Departamentinin yaydığı məlumat arasında hissəvi ziddiyyət var.

“Dövlət Departamentinin məlumatında qeyd edilir ki, Blinken İlham Əliyevə əsassız, haqsız həbs edilən şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar edib. İnsan hüquq və azadlıqları sahəsində rəsmi Bakının üzərinə götürdüyü öhdəlikləri icra etməyə çağırıb. Amma rəsmi Bakı bu hissəni öz məlumatında göstərmir”.

Hüquq müdafiəçisi hesab edir ki, uzun müddətdir kollektiv Qərb rəsmi Bakı ilə müzakirələrində enerji məsələlərini, iqtisadi məsələləri ön xəttə keçirib. Yalnız ondan sonra insan hüquq və azadlıqlarına "ölkənin daxilində repressiv tədbirlərə" diqqət ayırıb.

"Mən deyim ki, əvvəlki dövrlərdə Dövlət katibinin səsləndirdiyi açıq və aydın mövqeyi olmamışdır. Birinci dəfə idi ki, ABŞ-ın yüksək çinli vəzifəli şəxsinin Azərbaycanın daxilindəki repressiv tədbirlər, insan hüquq və azadlıqları sahəsindəki problemlərlə bağlı aydın və ciddi çağırışının şahidiyəm. Hesab edirəm ki, bunun üçün kifayət qədər əsaslar var. Çünki son il yarım ərzində Azərbaycanda fundamental hüquq və azadlıqlara dair çox ciddi problemlər var. Bu mənada Qərbin və Avropanın demokratik mərkəzlərinin, dövlət və ictimai institutlarının zaman-zaman Bakıya etdiyi çağırışlardan Azərbaycan höküməti nəticələr çıxarmalıdır”.

Rüfət Səfəeov hesab edir ki, Azərbaycan hökuməti konstitusiya və konvensiya üzrə elan etdiyi təməl və insan hüquqlarına hörmət uğrunda siyasət aparmalıdır.

“Siyasi məhbusların azadlığa buraxılması təmin olunmalıdır. Barələrində qanunsuz hökm çıxarılan şəxslər azadlığa buraxılmalıdır. Bu, əfv və ya amnitsiya qaydasında da ola bilər. Eyni zamanda ibtidai istintaq dövründə olan siyasi motivli mühakimələrə məruz qalan siyasi məhbuslar azadlığa buraxılmalıdır. Ən azı bu, mümkün olmazsa ibtidai istintaq dövründə onlar barəsində alternativ qətimkan tədbirləri seçilməlidir”, hüquq müdafiəçisi Amerikanın Səsinə deyib.