Nəcəf fiqh və üsul alimlərindən olan Seyid Əli Hüseyni Sistani dövrün nəhəng şiə təqlid müctəhidlərindəndir. Məşhəd, Qum və Nəcəfdə hövzə təhsili almış fəqih, Seyid Muhəmməd Höccət Kuh-Kəməri, Ayətullah Xoyi və Ayətullah Burucerdinin dərslərində iştirak etmişdir. Müəllimi Ayətullah Xoyinin ölümündən sonra, 1994-cü ildə müctəhid kimi fəaliyyət göstərməyə başlayan Ayətullah Sistani Səddam Hüseyndən sonra sistemin dəyişdirilməsində və yeni İraq konstitusiyasının təsdiqində mühüm rol oynayır.
İŞİD-in işğalı, İraqın mərkəzi və cənubuna doğru irəliləməsi zamanı Ayətullah Sistani ölkənin müdafiəsinin yetərli olmadığını söyləyir və bu gündə böyük hərbi qüvvəyə malik Həşdu-Şabenin (səfərbərlik dəstələri) yaradılması üçün fətva verir. İran, Türkiyə, İraq, İngiltərə və Livan da daxil olmaqla dünyanın müxtəlif yerlərində bir çox elm və təhsil mərkəzi, kitabxana və sosial xidmət mərkəzləri Ayətullah Sistaninin ofisinin rəhbərliyi altında qurulmuşdur.
Seyid Əli Hüseyni Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərində anadan olur. Atası Seyid Muhəmməd Baqir şiə alimi, anası Seyid Rza Mehribaninin qızı Sara, təqvalı xanımlardan idi. Babası Seyid Əli Sistani, Nəcəfdə Mirzayi Şirazinin tələbəsi olub XX əsrin əvvəllərində Məşhədə qayıdır. Buna görə də ailənin sonrakı nümayəndələri Məşhəd şəhərində dünyaya gəlir.
Ayətullah Sistani ibtidai və müqəddimə dərslərini Məşhəddə tamamlayır və ardınca hövzə elmlərinin əsaslarını öyrənməyə başlayır. Ərəb ədəbiyyatını Ədib Nişaburidən, Şərhul Lümə və Qaydaları Seyid Əhməd Müdərris Yəzdidən, fiqhin ali səviyyəsi və üsuli-fiqhə dair kitabları Mirzə Haşim Qəzvinidən, Seyfullah İsa Miyanəci, Şeyx Müctəba Qəzvini və Mirzə Məhdi İsfahanidən fəlsəfi dərslər almışdır. Seyid Əli Sistani ayrıca Mirzə Məhdi Əştiyani və Mirzə Haşim Qəzvininin xarici dərslərində də iştirak etmişdir.
Seyid Əli Sistani 1949-cu ildə təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlir. O, burada Seyid Muhəmməd Höccət Kuh-Kəmərinin və Ayətullah Burucerdinin fiqh və üsul mövzusunda dərslərində iştirak edir. Bu dövrdə “Mühəqqiq Tehrani Fiqh Məktəbi”nin davamçısı Seyid Əli Bəhbəhani ilə yazışmalar aparan Sistaniyə öz məktublarının birində o, "... Alimlərin başçısı və alimlərin fəqihlərinin təqvalısı" adlandıraraq müzakirənin davamını üz-üzə görüşə qədər təxirə salır.
O, 1952-ci ildə təhsilini davam etdirmək üçün İraqın Nəcəf şəhərinə yollanır. Buxara məktəbində məskunlaşan Seyid Əli, Ayətullah Xoyi və Şeyx Hüseyin Hillinin xaric dərslərində iştirak edir. Uzun illər bu iki dəyərli fəqihin dərslərindən bəhrələnməklə yanaşı o, Seyid Möhsün Həkim və Seyid Mahmud Hüseyni Şahrudinin də mühazirələrindən istifadə edir.
Seyid Əli Sistani, 1961-ci ildə 31 yaşında ikən hər iki böyük alimlər Ayətullah Xoyi və Şeyx Hüseyin Hillidən ictihad icazəsi alır. Mütləq ictihad üçün Şeyx Hüseyn Hillidən icazə alan tək şəxs isə yalnız o olur. Ağa Bozorg Tehrani, 1961-ci il tarixli bir məqaləsində Seyid Əli Sistaninin rical və hədis elmindəki xüsusi qabiliyyətinə şahidlik edərək bunu təsdiqləyir. 1991-ci ilindən etibarən müəllimi Ayətullah Xoyi uzun illər onun rəhbərlik etdiyi və xəstəlik səbəbindən şagirdlərindən birinə buraxdığı Xəzrə məscidinə Ayətullah Sistanini onun əvəzinə rəhbərlik etməsini ondan istəyir. Seyid Əli Sistani müəlliminin bu təklifini müsbət qarşılayır və 1996-cı il zilhiccə ayının son cümə gününə, bu məscidin İraq hökuməti tərəfindən bağlanmasına qədər (Səddam Hüseyn dövründə) bu məscidin imamı olur. Təqlid məsuliyyətini isə Seyid Əli Sistani 1994-cü ildə, Ayətullah Xoyinin ölümündən sonra öz üzərinə götürür. 1996-cı ildə Seyid Əbdül Əli Səbzivari, Seyid Muhəmməd Rza Gülpayeqani, Muhəmməd Əli Əraki və Seyid Muhəmməd Ruhaninin ölümü onların təqlidçilərini Ayətullah Sistaniyə istiqamətləndirir.
Ayətullah Sistani təhsil və tədrislə yanaşı elmi əsərlər də qələmə almaqdadır. Onlardan bəziləri çap olunsa da, bəzi əsərləri hələ çap olunmadan qalır. Əsasən kitabları fiqhi sahədə çapa hazırlanan fəqihin dərsləri də qələmə alınaraq kitab halına salınmışdır. Bu kitablardan:
1. Minhacus-Salihin: Seyid Əli Sistaninin fətvalarını özündə cəmləşdirən Minhacus-Salihin əsəri Qumda üç cilddə nəşr edilmişdir. Seyid Möhsün Həkimin fətvalarına əsaslanan Minhacus Salehin kitabına müvafiq Ayətullah Xoyi öz fətvalarını əlavələr olmaqla bu kitabda yayımladığı halda ondan sonra əsərə yeni hökmlər və əlavə fəsillərlə tələbəsi Seyid Əli Sistani eyni proseduru davam etdirir. Ayətullah Sistaninin bu kitabın giriş hissəsində onun yazılma tarxini 1995-ci il 20 Zilhiccə olaraq qeyd edir.
2. Ziyan və ziyanın olmaması qaydası: Bu kitab Ayətullah Sistaninin yazdığı fiqh dərslərinin təfsiridir.
3. İxtilaflı hədislər: Ayətullah Sistaninin 1978-ci il tarixli hədis dərsi, tələbələrindən Seyid Haşim Haşimi tərəfindən yazılmış və 195 səhifədə qeyri-rəsmi olaraq nəşr olunmuşdur. Bu kitabça Seyid Əli Sistaninin hədislər arasındakı fərqlərinin həllində yanaşmasının tarazlıq və üstünlük üzərində qurulmaqdan daha çox hədislərdəki fərqlərin mənşəyini tanımaq olduğunu göstərir.
4. Əl-Urvətul-Vusqaya şərh: Seyid Kazim Yəzdinin Urvətul Vusqa əsərinə Seyid Əli Sistaninin yazığı şərhinin cəmi 2011-ci ilində Beyrutda iki cilddə nəşr olunur.
5. Əl-Rafid fi Elmil-Usul: Seyid Münir Seyid Adnan əl-Qətifinin müəllifi olan və Ayətullah Sistaninin təfsir və izah etdiyi ərəbcə bir cilddə nəşr olunan üsul haqqında dərsləri.
Ayətullah Sistaniyə bağlı dünyanın müxtəlif ölkələrində elmi, mədəni qurumlar və mərkəzlər qurulmuşdur. Qum, London, Beyrut, İstanbul və İraq da daxil olmaqla bir çox ölkələrdə bu mərkəzlər sistematik olaraq fəaliyyət göstərir.
1. Qumdakı İmam Əli (ə) mərkəzi: Mərkəz 1984-cü ildə İslam kitabları və İmamların (ə) təlimlərini tərcümə və nəşr etmək məqsədi ilə qurulmuş və dünyanın 25 müxtəlif dilində kitablar nəşr edir. İnstitutun Londonda və Beyrutda 1998 və 1999-cu illərdə ofisləri də qurulur.
2. İstanbul Əhli-Beyt (ə) Kültür mərkəzi: Əhli-Beyt (ə) mədəniyyətini dirçəltmək və insanları bu məktəblə tanış etmək, Türkiyədə İslam və dini dəyərləri qorumaq məqsədi ilə 2001-ci ildə bu mərkəz qurulmuşdur. Qurani-Kərim və ideoloji dərslərin, dini mərasimlərin keçirilməsi, Əhli-Beytin (ə) Türkiyədə ilk ixtisaslaşmış kitabxanasının yaradılması, dini seminarların keçirilməsi, dini kitab və jurnalların tərcümə və nəşri bu mərkəzin fəaliyyətlərindəndir. Mərkəzin Almaniyada da nümayəndəliyi 2005-ci ildən fəaliyyətə başlayır.
3. Qum elmi tədqiqat mərkəzi: Bu mərkəzə kitabxana, şübhələrin cavabı mərkəzi, diqqət bələdçisi, elmi konfranslar və internet şövbələri daxildir.
4. Qum Əl-Mustafa İslam Tədqiqat Mərkəzi: Şiə və sünni mənbələrindən olan inanclar bazasını yaratmaq məqsədi ilə qurulmuş mərkəz. Mərkəz inanclar ensiklopediyasını tərtib etmək üçün üç min cild kitab toplayaraq mərkəzdə tədqiq etmişdir.
5. Qum İslam İrsinin Bərpası Mərkəzi: Mərkəz İslam irsində mənbələri toplamaq məqsədi ilə fəaliyyət göstərir.
6. Qum Astronomik Tədqiqat Mərkəzi: Mərkəz 2000-ci ildə yaradılıb və astronomiya, günəş sistemi, İslam astronomiyası və astronomik fizika üzrə təhsil verir. Astronomiya kollecinin və ixtisaslaşdırılmış astronomik kitabxananın yaradılması, astronomik məqalələrin tərcüməsi, rəsədxananın inşaası, İslam alimlərinin astronomiya ilə bağlı əsərlərinin nəşri və astronomik təqvimin nəşri bu mərkəzin fəaliyyət sahələrindəndir.
7. Beyrut İmam Sadiq (ə) adına mədəniyyət kompleksi: 2006-cı ildə qurulmuş mərkəzdə dini sualları cavablandıran ofis, kitabxana və konfrans zalı fəaliyyət göstərir. Bundan əlavə, bu mərkəzin hədəflərindən biri də sosial və mədəni xeyriyyə xidmətləri göstərməkdir.
8. Qum Əhli-Beyt (ə) Beynəlxalq Məlumat Mərkəzi: 1998-ci ilin yazında qurulan mərkəz şiə dəyərlərini yaymaq və http://www.al-shia.org ünvanında məlumat bazasını açır. Bundan əlavə Nəcəfdə, eyni adlı mərkəzdə Kərbəla, Kazimeyn, İsfahan, Tehran və İlamda İslam və şiəliyi təbliğ etmək üçün internet xidmətlərindən istifadəsi də nəzərdə tutulur.
9. Qumda ixtisaslaşmış kitabxanalar: Ayətullah Sistaninin müxtəlif sahələrdə fəaliyyət göstərən kitabxanalar şəbəkəsinə aşağıdakılar daxildir:
a) Qumun Quran təfsiri və elmləri üzrə ixtisaslaşmış kitabxanası: Kitabxana 2000-ci ildə 15.000 cilddən çox fars və ərəb kitabları ilə fəaliyyətə başlamışdır.
b) Qumun ixtisaslaşmış elmi kitabxanası: Kitabxana 2000-ci ildə yaradılıb. Burada şiə hədis mövzularında kitablar, rical və alimləri, lüğətlər, İngilis, Fransız və Alman dillərindəki hədis mənbələri və hədis jurnalları burada toplanmışdır.
c) Qumun fiqh və üsul sahəsində ixtisaslaşmış kitabxanası: Kitabxana 2002-ci ildə 15.000 cild kitab və 1580 ixtisaslaşdırılmış jurnal ilə qurulmuş və orada fiqh, üsul, rical və hüquq mövzularında kitablar vardır.
d) Qumun ixtisaslaşmış fəlsəfə və ilahiyyat kitabxanası: Burada fəlsəfə, teologiya, məntiq, tarix, hikmət, mistisizm, fəlsəfi dinlər və müxtəlif dinlər kimi mövzularda kitablar toplanıb.
e) Qumun ixtisaslaşdırılmış ədəbiyyat kitabxanası: 2002-ci ildə qurulmuş kitabxana 45.000 cilddən çox fars və ərəb kitabına sahibdir.
f) Qumdakı islam və İran tarixinin ixtisaslaşmış kitabxanası: 1995-ci ildə 4. 000 kitabla fəaliyyətə başlayan kitabxana 2011-ci ildə kitablarının sayını 115.000-ə çatdırır. İndiyə qədər bu kitabxana tərəfindən 16 kitab da nəşr edilmişdir.
Ayətullah Sistaninin ofisi, ölkənin müxtəlif bölgələrində sosial xidmətlər göstərmək üçün bir çox mərkəzlər qurur. Bunların sırasına aşağıdakılar daxildir:
Nəcəfdəki Mədinətul-Ələm yaşayış kompleksi: Hövzə tələbələrinin yerləşməsi üçün qurulmuş kompleksə yaşayış evləri, uşaq bağçaları, ibtidai və orta məktəblər, liseylər, səhiyyə və iş mərkəzləri, həmçinin kitabxana kimi mədəni xidmətlər daxildir. 1998-ci ildə Qum hövzəsinin tələbələrini yerləşdirmək məqsədi ilə o, Qumda da belə bir mərkəz qurur. Ayətullah Sistaninin ofisi tələbələrin başqa bir iqamətgahı olan Qumdakı Məhdiyyə yaşayış kompleksinin inşasında da iştirak edir. Qum hövzəsinin Məşhəddəki Səmanul-Huccə (ə.f.) yaşayış kompleksi və Qumdakı İmam Hadi (ə) yaşayış kompleksi buna misaldır.
Bəlağətli elmləri mərkəzi: Nəcəfdə İmamiyyə, Kərbəlada Quran məktəbi və eyni zamanda Kərbəlada yetimlər üçün Xanım Rüqəyyə (s.ə.) məktəbi Ayətullah Sistaninin ofisi altında inşa edilmiş və idarə olunmaqdadır.
Qumdakı İmam Sadiq (ə) xeyriyyə klinikaları, Mangahda İmam Həsən Müctəba (ə) adına xeyriyyə klinikası, Kərbəlada İmam Hüseyn (ə) adına ixtisaslaşmış klinika, Cavad Əl-Əimmə adına Qumdakı ixtisaslaşmış oftalmologiya mərkəzi, eləcə də yetimlərə dəstək və qayğı göstərmək üçün qurulan Əl-Əyn Sosial Rifah İnstitutu Ayətullah Sistaninin ofisinin sosial fəaliyyətinin başqa bir hissəsidir.
Ayətullah Sistaninin müctəhid kimi fəaliyyəti birbaşa müəllimi Ayətullah Xoyi ilə bağlıdır. Ayətullah Xoyin dünyada olduğu müddətə qədər Ayətullah Sistani öz risaləsini cəmiyyətə təqdim etməmişdir. Ayətullah Xoyinin ölümündən sonra ən əhəmiyyətli tələbələrindən olan Seyid Əli Sistani ona cənazə namaz qılır. İlahiyyat ənənələrinə görə, mərhumun cənazəsinə namaz qılan onun xələfi olur. Lakin Səddam dövründə şiələrin mürəkkəb vəziyyəti və çətin şəraəti, Nəcəf hövzəsi, həmçinin Seyid Əbdül Əli Səbzivarinin 16 Avqust 1993-cü ilədək sağ olması səbəbi ilə Ayətullah Sistaninin müctəhidlik mövzusunda sükut edir.
Ayətullah Sistani ABŞ-ın İraqı işğal etməsinə və Səddam Hüseynin süqutuna heç bir reaksiya göstərmir. Bununla yanaşı o, Amerika rəsmilərini qəbul etməkdən də çəkinir. Amerika nümayəndələri buna maraqlı olmasına baxmayaraq o bu görüşlərdən imtina edir. Bunun əksi olaraq Ayətullah Sistani insanların yeni bir sistem qurması və İraqın rifahı üçün yeni qanunlar hazırlaması məqsədi ilə onları seçkilərdə iştirak etməyə təşviq etməkdə də əsas rol oynayır.
Müqtəda əs-Sədrin Amerika əleyhinə mövqelərinin yayımlandığı Əl-Həzza qəzetinin ələ keçirilməsi və 2004-cü ildə İraqda “Məhdi” yaraqlıları ilə ABŞ qüvvələri arasında ziddiyyət hərbi qarşıdurmaya səbəb olur. Kərbəla, Nəcəf və Kufə şəhərlərində ABŞ qüvvələri ilə Müqtəda əs-Sədrin tərəfdarları arasında onlarla insanın öldürüldüyü gərginlik meydana gəlir. Davam edən müharibədə qeyri bərabər qüvvələr səbəbindən geriləyən Müqtəda Sədr Nəcəf şəhərinə sığınmasına gətirib çıxarır. Onu sıxışdıran Amerika qüvvələri Nəcəf şəhərinin mühasirəyə alır. Hətta havadan zərbələr ziyarətgan yaxınlığında müqəddəs ocaqlara, Vadius-Salama və əlbəttə ki, İmam Əli (ə) hərəminə də zədə vura bilir. Hər ötən gün gərginləşən vəziyyət artıq Sədrin varlığını deyil, İmam Əlinin (ə) hərəmini də hədəfə almış olur.
Bu böhran nəhayət, Ayətullah Sistaninin gəlişi ilə sona çatır. Problemin sülh yolu ilə həll planı, 27 sentyabr 2004-cü ildə gerçəkləşir. Ayətullah Sistani çox kəskin addımı ilə müqəddəs hərəmlərə qarşı istənilən addıma adekvat cihad reaksiyasını verəcəyini bildirərək tərəfləri bu ərazilərdə müharibədən çəkindirir. Bu hadisədən sonra Ayətullah Sistani İmam Əlinin (ə) hərəmi və Kufə məscidini idarə etmək səlahiyyətini öz üzərinə götürür.
Ayətullah Sistani Mosulun süqutundan, İŞİD-in İraqın mərkəzi və cənubuna doğru irəliləməsindən sonra, ümumi çağırış edərək hər kəsi ölkənin, millətin və müqəddəs yerlərin müdafiəsinə çağırır. O, əli silah tuta bilən və terrorçularla mübarizə edə bilən vətəndaşları səfərbərlik qüvvələrinə qoşulmağa səsləyir. 1200 nəfərlə başlayan Həşdu Şabe-səfərbərlik qüvvələrinin qısa müddətə sayı 200 000 nəfəri ötür. Mütəxəssislər Ayətullah Sistaninin bu çağırışını fətva deyil, xalqın birliyə dəvəti və düşmənə qarşı mübarizədə vəhdəti kimi analiz etsələr də, din mütəxəssisləri əksi olaraq bunu Ayətullah Sistaniyə məxsus difa-müdafiə fətvasi hesab edirlər. Bunun hansı növdən olmasından asılı olmayaraq nəticə kifayət qədər müsbət olaraq İŞİD-in geri oturdulmasına səbəb olur.
Dünya katoliklərinin lideri 84-yaşlı Roma Papası Fransisin İraqa səfəri də diqqətçəkici hadisələrdən biri olur. 5 mart 2021-ci ildə gerçəkləşən səfərdə Papanı 75 mətbuat işçisi müşayət edir. Səfərinin ikinci günü Papa Ayətullah Sistaninin Nəcəf Əşrəfdəki evini ziyarət edir. Görüşdə Ayətullah Sistani müxtəlif ölkələrdə insanların zülm, repressiya, yoxsulluq, dini və intellektual repressiya və əsas azadlıqlardan məhrum olması, sosial ədalətin pozulması, xüsusilə müharibə şəraitində olan Orta Şərqdə iqtisadi və siyasi problemlər, Fələstində məcburi köçkünlük problemini qabardaraq Papanı bu problemlərin həllində fəal olmağa çağırır.
Hal-hazırda Ayətullah Sistani Nəcəf şəhərində yaşayır və İslam dünyasının üzləşdiyi problemlərlə yaxından maraqlanaraq onlara töhfə verməyə çalışır.
Dünyanın müxtəlif yerlərindən Nəcəfə gələn ziyarətçilərlə görüşlər keçirən fəqih daha çox fiqhi sahədə çalışmaqdadır.
Ayətullah Sistani kimdir?