Seyid Əli Hüseyn Xamenei İran İslam Respublikasının ikinci dini rəhbəri və şiə təqlid müctəhidlərindən biridir. 1989-cu ildə rəhbərliyə seçildiyi tarixdən əvvəl iki dəfə prezident və bir dəfə isə İslami Şura Məclisinin üzvü vəzifələrini icra edib. İmam Xomeyni tərəfindən Tehranın Cümə imamətliyi vəzifəsi onun dini mövqelərindən biridir. Ayətullah Xamemei İslam İnqilabının qələbəsindən əvvəl Məşhədin nüfuzlu ruhanilərindən biri sayılıb.
Ayətullah Xameneinin düşüncələri “Vilayət hədisi” adlı təhlilli bir şəklində kitab halında toplanmışdır. Onun çıxışları və yazılı mesajları çoxsaylı kitablarda da nəşr edilmişdir. Müəllifliyi və tərcüməsi daxil olmaqla onun bir neçə yazılı əsəri çap olunmuşdur ki, bunlardan da “Quranda İslam düşüncəsinin xülasəsi” ən təfərrüatlı kitabı və “İmam Həsən Sülhü” ən məşhur tərcüməsidir.
Əzadarlıq məclislərində başın yarılması (qəmə vurmaq) və bəzi matəm formalarına açıq şəkildə qarşı çıxması, sünni müqəddəslərinin təhqir edilməsini qadağan etməsi İslam dünyasında ən məşhur və təsirli fətvalarındandır. “Mədəni təcavüz”, “İslami oyanış” “Qorunan iqtisadi müqavimət” çıxışları İranın siyasi və sosial ədəbiyyatına daxil olan anlayışlar arasındadır. Ayətullah Xamenei ədəbiyyatla maraqlanır və ədəbi üslublara bələddir. Şeirlər yazan fəqih öz şerlərində "Əminə" ləqəbindən istifdə edir. Nüfuzlu tarixi kitabların tədqiqi, çağdaş tarixi mövzuları əhatə edən araşdırmaları təhsil proqramının bir hissəsidir.
Seyid Əli Xamenei 19 aprel 1939-cu ildə Məşhəddə dindar bir ailədə dünyaya gəlir. Atası Seyid Cavad Xamenei Nəcəfdə anadan olan və uşaq vaxtlarında ailəsi ilə birlikdə Təbrizə mühacirət edən dövrün müctəhidi olub. Bir müddət Təbrizdə yaşayan ailə Məşhədə köçür. Lakin onlar burada da uzun zaman qalmır. Növbəti səfərləri İraqın Nəcəf şəhəri olur. Atası burada Mirzə Muhəmməd Hüseyn Naini, Seyid Əbül Həsən İsfahani və Ağa Ziyauddin İraqlı kimi böyük alimlərlə təhsilini başa vurduqdan sonra ictihad icazəsi alaraq yenidən İrana, Məşhəd şəhərinə dönür. Seyid Cavad hövzə dərslərini tədris etməklə yanaşı Məşhəd bazarındakı (Azərbaycan Məscidi) Siddiqi məscidinin rəhbərliyini də öz üzərinə götürür. Eyni zamanda o, Göhərşad məscidi imamlarından biri kimi də fəaliyyət göstərir. Ayətullah Xameneinin anası Xədicə Mirdamadi dini hökmlərə bağlı, Quran ayələri, hədislər, tarix və ədəbiyyatla tanış olan zahid bir qadın olur.
Seyid Əli Xameneinin ulu babası Seyid Muhəmməd Hüseyni Təfrişdir. Onun nəsli beş silsilə ilə İmam Səccadın (ə) nəslindən olan Sultan Seyid Əhməd kimi tanınan Sultan Əl-Üləma Əhmədə qayıdır. Babası Seyid Hüseyni Xamenei Seyid Hüseyin Kuh-Kəməri, Fazil İrəvani, Fazil Şərbiani, Mirzə Baqir Şəkki və Mirzə Muhəmməd Həsən Şirazi kimi alimlərin tələbəsi olur. Nəcəfdən qayıtdıqdan sonra Təbrizə gələn Muhəmməd Hüseyni burada Talibiyyə məktəbində tədris və Təbriz Ulu məscidində fəaliyyət göstərir. Milliyyətçi din xadimi və konstitusiya dövrünün mücahidləri olan Muhəmməd Xiyabani Seyid Hüseyni Xameneinin tələbəsi və kürəkəni idi.
Ayətullah Xameneinin əmisi Seyid Muhəmməd Xamenei Axund Xorasani və Şəriəti İsfahaninin tələbəsi, konsitutsiya tərəfdarlarından sayılırdı. Ayətullah Xameneinin ana babası olan Ayətullah Seyid Haşim Nəcəfabadi (Mir Damədi) Axund Xorasani və Mirzə Muhəmməd Hüseyn Naininin tələbəsi, Quran təfsirçilərindən və Göhərşad məscidinin imamı idi. Rza Şahın dövründə o, Göhərşad məscidində insanların etiraza qaldırma ittihamı ilə Təbrizdən Səmnana sürgün edilir. Ayətullah Xameneinin ana tərəfdən nəsli İmam Sadiqin (ə) övladlarından olan Muhəmməd Dibaca çatır.
Seyid Əli Xamenei ibtidai təhsilini dörd yaşında məktəbdə Quranı Kərimi öyrənməklə başlayır və ibtidai məktəblə eyni vaxtda Məşhəddə bəzi Quran qariləri ilə birlikdə Quranı xüsusi avaz və qayda ilə öyrənir. İbtidai təhsilini başa vurduqdan sonra o, Süleyman Xan məktəbində dini təhsilinə davam edir və müqəddimə təhsilini Nəvvab məktəbində tamamlayır. Bəzi səthi və müqəddimə dərslərini eyni halda atasından öyrənən Xamenei hövzə təhsili ilə paralel olaraq orta məktəbdə də təhsilini davam etdirir.
1955-ci ildə Ayətullah Seyid Muhəmməd Hadi Milaninin xaric fiqh dərslərinə qatılan Xamenei 1957-cı ildə, qısa bir zaman kəsiyində ailəsi ilə birlikdə Nəcəfə gəlir. Burada Nəcəf hövzəsinin böyük alimlərindən istifadə etmək niyyətində olan fəqih bu arzusunu uzun sürdürə bilmir. Atasının bu şəhərdə qalmaq istəməməsi səbəbindən o ailəsi ilə birlikdə Məşhədə qayıdır. Növbəti dəfə Ayətullah Milaninin dərslərinə qatılan Ayətullah Xamenei bir il sonra, 1958-ci ildə Qum hövzəsinə gəlir. Altı ilə qədər bir dövrdə o burada elmin özəlliklərini əldə edə bilir. Atasının səhhətində yaranan problemlər səbəbindən o, təhsilini yarımçıq qoymalı olur və 1964-cü ildə Ayətullah Xamenei Məşhəd şəhərinə dönür. O, burada gözlərində görmə zəifliyi yaranan atasına xidmət göstərməklə yanaşı Məşhəd elmi fəzasından da istifadə etməyə davam edir. Belə ki, Ayətullah Milaninin dərslərinə dönən Ayətulla Xamenei bu təhsil dövrünü 1970-ci ilə qədər sürdürür.
Məşhəddə olduğu ilkin dövrlərdə Seyid Əli Xamenei ən yüksək səthi fiqh və üsul (Rəsail, Məkasib, Kifayə) dərslərini tədris edir və geniş ictimaiyyət üçün təfsir mühazirələri oxuyur. 1968-ci ildən etibarən o, tələbələri üçün ixtisaslaşdırılmış təfsir dərslərinin tədrisinə başlayır. Bu təfsir dərsləri və mühazirələri 1977-ci ilə qədər, o həbs olunaraq İranşəhrə sürgün edildiyi zamana qədər davam edir. Təfsir mühazirələri prezidentlik illəri və sonrakı dövrlərdə də baş tutur. Rəhbərliyə seçildikdən sonra, 1990-cı ildən xaric fiqh tədrisinə başlayan Ayətullah Xameneinin bu dərsləri günümüzə qədər davam etməkdədir.
Seyid Əli Xameneinin müxtəlif zamanlarda və müxtəlif şəhərlərdə bir çox mövzuları əhatə edən müəllimləri olub ki, bunlardan bəziləri qeyd edirik: Seyid Cəlil Hüseyni Sistani (Məalimul-Usulda), Seyid Cavad Xamenei (Lümə, Rəsail, Məkasib və Kifayənin şərhində), Mirzə Muhəmməd Müdərris Yəzdi (Lümənin şərhində), Ayətullah Haşim Qəzvini (Rəsail, Məkasib və Kifayədə), Ayətullah Seyid Muhəmməd Hadi Milani, Ayətullah Ağa Hüseyni Burucerdi, İmam Xomeyni, Ayətullah Murtəza Hairi Yəzdi, Ayətullah Seyid Muhəmməd Mühəqqiq Damad və Əllamə Təbatəbai.
Ayətullah Xamenei tələbəlik dövründən araşdırmalar aparır və onları qələmə almağa çalışır. Müəllimlərinin mühazirələrini yazan fəqih bu və sair yazılarını “Vilayət Hədisi” adlı kolleksiyaya daxil edib. Günümüzə qədər onun çıxışları və yazılı mesajları mövzusunda çoxsaylı kitablar toplanmış və nəşr edilmişdir. “Ayətullah Xameneinin baxışında Fələstin” əsəri Səid Salahmirzə tərəfindən yazılmış, Ayətullah Xameneinin Fələstinlə bağlı fikirlərini və sözlərini özündə cəmləşdirən fars dilində bir kitabdır. Bundan əlavə o, Ayətullah Xameneinin müəlliflik və tərcüməsi də daxil olmaqla bir neçə yazılı əsərini nəşr etdirmişdir. Ayətullah Xameneinin digər əsərləri sırasında: Rical elminin dörd əsas kitabı, Doğruların yolu, Dua dərinliklərindən, Səbr, Tövhid ruhu: Tanrı olmayan ibadəti inkar etmək, Məşhəd hövzəsinin tarixi mənşəyi və mövcud vəziyyəti haqqında hesabat əsərləri yer alır.
Qurandakı İslam düşüncəsinin xülasəsi: Bu kitab Ayətullah Xameneinin 1974-cü ilin Ramazan ayında Məşhəddəki İmam Həsən Müctəbə (ə) məscidində söylədiyi nitqlər toplusudur. Əsərdə İslam Quran ayələrinə əsasən izah olunur.
Ğina: Bu kitab Ayətullah Xameneinin xaric dərslərdə ğina haqqında 1999-2010-cu illərdə təqdim olunan 76 çıxışından ibarətdir. Kitab 2019-cu ildə "Həzrət Ayətullah Xameneinin Əsərlərinin Qoruma və Nəşr İdarəsi" tərəfindən çap olunan ilk fiqhi əsəridir. Bu kitabda ğinanın leksik mənasını (mütləq oxumaq) və ictimani mənasını (xüsusi keyfiyyətlə oxumaq) fərqləndirilir.
250 yaşlı insan: Əsər şiə imamların (ə) siyasi həyatı ilə bağlı çıxışlardan və Ayətullah Xameneinin bəzi yazılarından ibarət olan kitabdır.
"Həzrət Muhəmməd Mustafa (s)": Bu kitab Ayətullah Xameneinin müxtəlif zamanlarda İslam Peyğəmbəri (s) haqqında söylədiyi çıxışlarının toplusudur. İranda 2006-cı il Ayətullah Xamenei tərəfindən “Böyük Peyğəmbər İli” olaraq adlandırması şərəfinə əsər “Soroush Publications” tərəfindən nəşr edilir.
Döyüşdə Günəş: Ayətullah Xameneinin İmam Hüseyn (ə) və Kərbəla qiyamından əvvəl və sonrakı hadisələr haqqında çıxışlar toplusu. Bu çıxışlar 1978-ci ildən 2011-ci ilə qədər dövrü əhatə edən Ayətullah Xameneinin çıxışlarından toplanaraq İslam İnqilabı Nəşrləri tərəfindən çap edilmişdir.
Ayətullah Xameneinin tərcümə etdiyi kitablar sıraında isə: Seyid Qütbin yazdığı “İslam aləmində gələcək”, Şeyx Razi Əl Yasin tərəfindən yazılmış tarixin ən şərəfli qəhrəmanlıq nümunəsi olan: İmam Həsənin (ə) sülhü, Seyid Qütbin müəllifi olduğu Təfsir Fi Zilalul-Quranın birinci cildi, Əbdül Mənəmul-Nimr tərəfindən yazılmış Hindistanın qurtuluş hərəkatında müsəlmanlar, Seyid Qütb tərəfindən yazılmış Qərb mədəniyyətinə qarşı ittiham əsərləri yer alır.
Seyid Əli Xameneinin siyasi fəaliyyətə başlaması və Pəhləvi monarxiyasına qarşı mübarizəsinin başlanğıc nöqtəsi Məşhəddə Seyid Müctəba Nəvvab Səfəvi ilə görüşməsi ilə bir-başa əlaqəlidir. O, 1963-cü ildən başlayaraq 1972-ci ilin fevralına qədər İmam Xomeyni və Ayətullah Milaninin mesajlarına vasitəçilik edir. Ayətullah Xamenei 1963-cü ildə Bircəndə səfəri zamanı mövcud hakimiyyətə qarşı sərt çıxışlar edir və elə bu səbəbdən də “12 Xordad”da o, Məşhəddə evində həbs edilir. Qısa müddət sürən həbsdən sərbəst buraxıldıqdan sonra o, Ayətullah Muhəmməd Hadi Milaninin təşəbbüsü ilə 1 yanvar 1963-cü ildə İmam Xomeyniyə dəstək verdiyi üçün həbs olunan Seyid Mahmud Taleqani, Məhdi Bozorqan və Yədullah Sahibiyə teleqram göndərən ruhanilərdən biri olur.
O zamanlarda Qum hövzəsində rəhbərlik edən Axund Xorasani Ayətullah Xamenei, Muhəmməd Abayi Xorasani və Əbül Qasim Xəzali də daxil olmaqla İmam Xomeyninin ev dustqlığının davam etməsinə etiraz olaraq o vaxtkı baş nazir Həsən Əli Mənsura dövrün mətbuatında yayımlanan bir məktub yazaraq bu hərəkəti sərt tənqid edirlər. Eyni halda Ayətullah Xamenei İslam hərəkatı məsələlərini təbliğ və izah etmək üçün 1963-cü ilin fevralında Zahidana gəlir. Zahidan məscidlərindəki sərt çıxışları səbəbindən o, növbəti dəfə həbs olunaraq Qızıl Qala həbsxanasına köçürülür. Bu həbs müddəti 5 Mart 1963-cü ilə qədər sürür.
İşin pərakəndə nəticə verməyəcəyini dəqiqləşdirən Seyid Əli Xamenei, Əbdül Rahim Rəbbani Şirazi, Seyid Muhəmməd Behişti, Əli Feyzi Meşkini, Əhməd Azəri Qumi, Əli Quddusi, Əkbər Haşimi Rəfsəncani, Seyid Muhəmməd Xamenei və Muhəmməd Təqi Misbah Yəzdi Pəhləvi rejiminə qarşı mübarizə və Qum elmlər hövzəsinin islahı üçün "Onbirlər” qrupunu təşkil edirlər. Bundan sonra onlar üzərində məsuliyyətlə paralel kordinasiya olunmuş sistem də mövcud olur. Ayətullah Xamenei bu vəzifənin çərçivəsində bir müddət Tehrandakı Əmir əl-Möminin (ə) məscidində camaata rəhbərlik edərək onlar arasında maariflənmə işləri aparır. 1967-ci ilin aprelində Göhərşad məscidindəki hökumət əleyhinə çıxışları səbəbi ilə Ayətullah Seyid Həsən Quminin həbs olunaraq sürgün edilməsindən sonra, Ayətullah Xamenei Ayətullah Milanini hakimiyyətin zülmlərinə etiraz etməyə çağırır. Bütün bu etirazların qarşısını almaq üçün Pəhləvi rejim onu 5 aprel 1967-ci ildə Ayətullah Şeyx Müctəba Qəzvininin dəfn mərasimində həbs edir. Üç aylıq bir dövrdə işgəncələrə məruz qalan Xamenei həmən ilin İyulunda sərbəst buraxılır. Azadlığından qısa müddət sonra o, Tehrandakı siyasi məhbusları ziyarət etməyə gedir.
30 sentyabr 1968-ci ildə Cənubi Xorasanda baş verən dağıdıcı zəlzələdən sonra Ayətullah Xamenei başda olmaqla bir sıra Xorasan din xadimi, zəlzələ qurbanlarına ictimai yardım təşkil etmək məqsədi ilə Firdovsa gəlirlər. Bu müddətdə siyasi fəaliyyətini məclislərdə və mənbərlərdə, eləcə də dini heyətlərdə davam etdirən Xamineinin yaratdığı etiraz dalğası səbəbi ilə hakimiyyət onu Firdovsdan çıxarır. Təqib olunmasına baxmayaraq Ayətullah Xamenei bir çox Məşhəd və Tehran din xadimləri ilə yanaşı Seyid Mahmud Taleqani, Seyid Muhəmməd Rza Səidi, Muhəmməd Cavad Bahünər, Muhəmməd Rza Məhdəvi Kani, Murtəza Mütəhhəri, Əkbər Haşimi Rəfsəncani və Fəzlullah Məhəllati də daxil olmaqla bəzi vətənpərvər din xadimləri ilə əlaqə quraraq onlarla görüşür.
Seyid Əli Xamenei 1969-cu ildə Tehrandakı İrşad hüseyniyyəsi və Cavad məscidi də daxil olmaqla bəzi fəal İslam-siyasi mərkəzlərində çıxışlar üçün dəvətlər alır. 1970-ci ilin iyun ayında Ayətullah Seyid Möhsün Həkimin vəfatı ilə Ayətullah Xamenei imam Xomeyninin təqlid müctəhidi kimi təqdimatı üçün ciddi cəhdlər göstərir. Bu təbliğat getdikcə nüfuzu artan İmam Xomeyni təhlükəsini hiss edən hakimiyyəti hərəkətə keçirir və 23 oktyabr 1970-ci ildə Ayətullah Xamenei növbəti dəfə həbs olunaraq Ləşkəri-Xorasan həbsxanasına göndərilir. Bu həbs müddəti də bir neçə ay sürür. 1971-ci ilin avqust ayında Məşhəddəki SAVAK-a çağrılan Xamenei şahın İranın 2500 illiyinə həsr olunmuş şənlik məclisinin əleyhinə təbliğat apardığı üçün qısa müddət də olsa növbəti dəfə həbsə salınır. Lakin o ildə Xameneinin həbsi bununla bitmir. İlin sonun qədər o, daha iki dəfə həbsxana divarları arasına düşür. Lakin bu onu mübarizəsindən əsla saxlamır. Sərbəst buraxıldıqdan sonra siyasi və ictimai fəaliyyətini genişləndirən Xamenei mühazirələrini Mirzə Cəfər məktəbi, İmam Həsən (ə) və Qiblə məscidləri də daxil olmaqla Məşhəddəki evində davam etdirir. 1973-cü ilin dekabrında camaat namazını və xütbələrini o Kəramət məscidinə köçürür. Lakin bir müddət sonra təhlükəsizlik orqanları onun həmin məsciddə camaat namazı qılmasının qarşısını alır.
1974-cü ilin noyabrında Ayətullah Muhəmməd Müfəttihin dəvəti ilə o, Tehrandakı Cavad məscidində çıxış edir. Böyük səs-küy yaradan bu çıxışdan sonra o yenidən tutulur. Bu həbs müddətində ziyarətinə icazə verilməyən Xamenei ağlagəlməz işgəncələrlə üzləşir. Onun haqqında məlumat almaq istəyən ailəsinə hətta onun hansı həbsxanada olması haqqında belə məlumat verilmir. O, 23 sentyabr 1975-ci ildə həbsxanadan buraxılır, lakin təhlükəsizlik xidmətinin nəzarəti altında və camaat namazı, xütbə, dərsləri və toplantıları hətta evində belə keçirilməsi qadağan edilir.
Əli Şəriətinin 20 iyun 1977-ci ildə vəfatından sonra Ayətullah Xamenei onun şəninə qurulmuş anım mərasiminə qatılır. Bir neçə ay sonra bəzi inqilabi döyüşçülərlə birlikdə o, Molla Haşim məscidində İmam Xomeyninin oğlu Seyid Mustafa Xomeyninin 40 mərasimini keçirə bilir. Bu iki haldan dərin hiddət keçirən İran rəsmləri, Xorasan Sosial Təminat Komissiyası tərəfindən Xameneini üç il İranşəhrə sürgün cəzasına məhkum edir. Bu əmri icra etmək üçün isə təhlükəsizlik xidməti 1977-ci il dekabrın 14-də Ayətullah Xameneinin evinə basqın edib onu həbs edir və İranşəhrə, ardınca isə Zahidana sürgün edirlər.
İmam Xomeyni Fransaya mühacirət etdikdən sonra, 1978-ci il noyabrın əvvəllərində İranda İnqilab Şurası qurulur və üzvləri tədricən İmam Xomeyni tərəfindən seçilir. Seyid Əli Xamenei, Murtəza Mütəhhəri, Seyid Muhəmməd Hüseyni Behişti, Seyid Əbdül Kərim Musəvi Ərdəbili, Muhəmməd Rza Məhdəvi Kani, Muhəmməd Cavad Bahünər və Əkbər Haşimi Rəfsəncani İnqilab Şurasının ilk üzvləri olur. 1978-ci il dekabr ayının sonlarında şuranın ilk iclası keçirilir və üzvülər tam tərkibdə iclasa qatılır.
İnqilab Şurası Pəhləvi hökumətinin rəsmiləri, xarici təşkilatlarla danışıqlar aparmaq və İmam Xomeynini qarşılamaq üçün müvəqqəti hökumət qurmaq və mübarizə ilə bağlı digər mühüm qərarlar verir. Məhdi Bazarqan müvəqqəti hökumətin başçısı kimi İmam Xomeyniyə təqdim edilir və Xomeyni bu işə müsbət cavab verir.
1979-cu il iyul ayının sonunda Ayətullah Xamenei Müdafiə Nazirliyinin İnqilabi İşlər idarəsinin müavini, habelə bütün hüquq müdafiə, hərbi və təhlükəsizlik işlərindən məsul olan Təhlükəsizlik Nazirləri Komissiyasının üzvü seçilir. Digər vəzifələri arasında İnqilab Şurası da olur. Sənədləşmə mərkəzindən məsul olan fəqih eyni zamanda 24 dekabr 1979-cu ildə İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində də çalışır. 26 Mart 1980-ci ildə ilk parlament seçkilərində İnqilab Keşikçilərinin namizədi olduğu üçün Ayətullah Xamenei rəhbər vəzifəsindən istefa verməli olur.
Ayətullah Xamenei Seyid Muhəmməd Hüseyni Behişti, Əkbər Haşimi Rəfsəncani, Seyid Əbdül Kərim Musəvi Ərdəbili və Muhəmməd Cavad Bahünər ilə İslam İnqilabının qələbəsindən əvvəl yeni təşkilat yaratmaq üçün çalışırlar. Bu çalışmalar şübhəsiz nəticə də verir. İslam Respublikası rəsmi olaraq 20 fevral 1979-cu ildə öz varlığını elan etsə də, əslində bu tarixi 1977-ci ilin yayında həmən şəxslərin Məşhəddəki görüşlərdən başlamışdır.
Behişti və Bahünərdən sonra Ayətullah Xamenei 1981-ci ilin sentyabrında İslam Respublikası Mərkəzi Şurası tərəfindən üçüncü baş katib seçilir. 1983-cü ilin may ayında ilk partiya qurultayında partiyanın baş katibi və ikinci dəfə mərkəzi şuranın üzvü və partiya tərəfindən arbitraj komitəsinə rəhbər seçilir. Prezidentliyi dövründə Tehran və digər şəhərlərin iclaslarına qatılan Xamenei İslam dövlətinin missiya və hədəflərini izah edərkən insanları maraqlandıran sualları da cavablandırır.
İmam Xomeyni Ayətullah Xameneinin elm, təqva və əxlaqda yüksək göstəricilərinə və xidmətlərinə istinad edərək 15 dekabr 1979-cu ildə onu Tehranın Cümə imamı olaraq təyin edir. Ölkədə və İslam dünyasında cümə imamları şəbəkəsini birləşdirmək üçün Ayətullah Xamenei cümə imamları üçün yığıncaqların keçirilməsi təklifi bu dövrdə addığı addımları sırasındadır. Onun bu fikiri İmam Xomeyni tərəfindən razılıq aldıqdan sonra ilk toplantı Qumun Feyziyyə məktəbində baş tutur.
Ayətullah Xamenei bir İslami təşkilat və qrupun dəstəyi ilə 1980-ci ilin martında İslam Məşvərət Məclisinin birinci seçki dairəsinə daxil olur. Eyni zamanda o, parlament üzvü və Müdafiə İşləri Komissiyasının sədri vəzifəsini də daşıyır. 1981-ci ilin oktyabrında prezident seçiləndə iştirakına görə mövcud qanunverici orqanı tərk etməli olur.
Ayətullah Xamenei 27 iyul 1981-ci ildə Tehranın cənubundakı Əbu Zərr məscidində günorta namazından sonra çıxış edərkən səsyazma cihazına qoyulmuş bomba ilə ağır yaralanır. Bu sui-qəsdə cəhd nəticəsində onun sağ əli sinə nahiyəsindən ağır xəsarət alır. Bu zədənin təsiri onun bədənində bu gün də qalmaqdadır. Çox böyük çətinliklə sağ əlini amputasiyadan qorusalar da lakin onun əli tamam fəaliyyətini itirir. Qeyri-rəsmi məlumatlara əsasən hadisə İran Xalq Mücahidləri Təşkilatı ilə əlaqələndirilir. İmam Xomeyni Ayətullah Xameneiyə göndərdiyi mesajda ona olunan sui-qəsd kəskin qınayır. 9 Avqust 1981-ci ildə xəstəxanadan çıxan fəqih çox qısa zaman kəsiyində yenidən ictimai və siyasi səhnəyə qayıdır. Ayətullah Xamenei 17 Avqust 1981-ci ildə baş tutan İslami Şura Məclisinin iclaslarına qatılır.
İran İslam Respublikasının ikinci prezidenti Muhəmməd Əli Rəcainin şəhid olmasından sonra İslam Respublikası Mərkəzi Şurası və Qum Hövzə Müəllimləri Dərnəyi Ayətullah Xameneini prezidentliyə namizəd olaraq seçir və o zamana qədər bu işə razı olmayan İmam Xomeyni Ayətullah Xameneinin mövcud vəziyyətdə prezidentliyə namizədliyini qəbul edir. Seçkilər 1 oktyabr 1981-ci ildə keçirilir və Ayətullah Xamenei səslərin mütləq əksəriyyəti ilə prezident seçilir. 8 oktyabr 1981-ci ildə İmam Xomeyni onun prezident fərmanını təsdiqləyir. Oktyabrın 12-də Ayətullah Xamenei İran İslam Respublikasının üçüncü prezidenti olaraq Məşvərət Məclisində and içir.
İran İslam Respublikasının dördüncü prezident seçkisi 16 Avqust 1985-ci ildə keçirilir və Ayətullah Xamenei toplam 14 milyon 238 min səs alaraq (85%) ikinci dəfə İran prezidenti seçilir. 1989-cu ilin iyununda, İmam Xomeyninin vəfatından sonra İslam Respublikasının lideri seçilən Ayətullah Xamenei 1989-cu ilin avqustuna qədər hər iki vəzifəni daşıyır.
Ayətullah Xamenei 6-7 sentyabr 1984-cü illəri əhatə edən ilkin dövrlərdə Suriya, Liviya və Əlcəzairə, 1985-ci il 14 yanvar - 20 fevral arasında ikinci dövrü əhatə edən Asiya və Afrika, Pakistan, Tanzaniya, Zimbabve, Anqola və Mozambikə səyahət edir. 11-15 sentyabr 1986-cı il tarixlərində Qoşulmama Hərəkatının Səkkizinci Zirvə toplantısında iştirak etmək üçün o, yenidən Zimbabveyə gedir. Bu səfər zamanı o, çıxış edir və hərəkata üzv olmayan bəzi ölkələrin liderləri ilə görüşür. O, 2-6 Mart 1988-ci illərdə Yuqoslaviya və Rumıniyaya, 19-26 May 1989-cu illərdə isə Çin və Koreyaya səfər edir. Ayətullah Xamenei 22 sentyabr 1987-ci il tarixində BMT Baş Məclisinin 42-ci sessiyasında iştirak edərək çıxışında dünya dövlətlərinin başçılarına İran İslam Respublikasının fikirlərini və mövqeyini izah edir. Bu, İran İslam Respublikası Prezidentinin BMT Baş Məclisində ilk çıxışı olur.
Ayətullah Xameneinin digər xarici siyasət səylərinə Əfqanıstan, İraq və Livandakı şiə siyasi qruplar yaratmaq və onlarla əlaqə qurmaq daxildir. Əfqanıstanın səkkiz partiyası və İraq İslam İnqilabı Ali Məclisindən İslam Birliyi Partiyasının qurulması bu yanaşmanın vacib nümunələrindən biridir. Bu dövrdə İranın Livan, Fələstin, İraq və Əfqanıstandakı İslam silahlılarına dəstəyi artır və İranın bu ölkələrdəki İslami partiyalara və qruplara verdiyi dəstək ona regional və beynəlxalq status verir.
5 iyun 1989-cu ildə İmam Xomeyninin vəfatı ilə Mütəxəssislər (Xubrəqan) Məclisi həmin axşam iclas çağırır. Rəhbərliyin şura və ya fərdiliyi müzakirə edildikdən və Ayətullah Xameneinin adını çəkdikdən sonra bəzi millət vəkilləri İmam Xomeyninin rəyini də Ayətullah Xameneinin sistemə rəhbərlik etmək olduğunu elan edirlər. Bundan sonra səsvermə keçirilir və Mütəxəssislər Məclisi üzvlərinin böyük əksəriyyəti Ayətullah Xameneini İslam Respublikasına Ali Dini rəhbər seçir.
İmam Xomeyninin oğlu və ən yaxın adamı olan Seyid Əhməd Xomeyni atasının sözlərini sitat gətirərək "O (Ayətullah Xamenei) liderliyə layiqdir" deyir. İslam Respublikasının ən nüfuzlu qərar qəbuledicilərindən biri olan Əkbər Haşimi Rəfsəncani, İmam Xomeyninin Ayətullah Xameneini respublikanın gələcək lideri olaraq adlandırdığını təsdiqləyir. Rəfsəncani İmam Xomeyninin gələcək rəhbərliklə bağlı xüsusi görüşündə Ayətullah Xameneiyə istinad edərək belə söylədiyini deyirdi: Dalana dirənməyəcəksiniz. Axı aranızda belə bir insan var.
Bu seçkidən sonra İslam Respublikasının yüksək vəzifəli məmurları, İmam Xomeyni Evi, müctəhid və alimlər, hövzə və universitet nüfuzluları, şəhid ailələri və xalqın müxtəlif təbəqələri bu seçimi təsdiqləyərək yeni rəhbərə beyət edirlər. Ölkənin nüfuzunu simvolizə edən qurumlar Ayətullah Xameneinin lider seçilməsini dəstəklədiklərini və əmrlərinə tabe olmağa hazır olduqlarını bəyan edirlər.
1994-cü ildə Ayətullah Muhəmməd Əli Ərakinin ölümündən sonra Qum Hövzə Müəllimlər Cəmiyyəti və Tehran Mübariz Ruhanilər Cəmiyyəti Ayətullah Xameneini təqlid müctəhidlərindən biri kimi təqdim edir. Ayətullah Xamenei bir çıxışında İrandakı müctəhid səlahiyyətinə ehtiyac duymadığını vurğulayaraq xaricdəki şiələrin tələbi əsasında bu məsuliyyəti qəbul etdiyini bildirir və gələcəkdə bu vəzifəni yerinə yetirə bilən istənilən şəxsə güzəştə gedib ictihadını geri götürəcəyini vurğulayır. Yayımladığı ilk fətvaları verdiyi cavabları özündə cəmləşdirən Əcubətul-Istiftaat adlı kitabıdır.
Ayətullah Xamenei vəhdət mövzusunda çox həssasdır. O hesab edir ki, müsəlmanların çətinliklərdən çıxış yolu onları birləşdirmək və fikir ayrılıqlarını azaltmaqdır. Bu baxımdan, İslam Dinlərinin Yaxınlaşdırılması adı altında məclisini qurur. Rəhbərliyi dövründə İslam dünyasındakı nüfuzlu şəxsiyyətləri müxtəlif yollarla bir araya gətirməyə çalışan Ayətullah Xamenei bu istiqamətdə İranda dünyanın müxtəlif ölkələrinin dini liderlərini dəvət etməklə toplantılar keçirir. 2009-cu ildə Kürdüstan əyalətinə səfəri zamanı dinlər arasında yaxınlaşmanın əhəmiyyətini vurğulayaraq o, fərqli dinlərə əqidə bəsləyənləri çıxışında vəhdətə dəvət edir. Ayətullah Xamenei 1994-cü ilin iyun ayında bir qrup din xadimi önündə etdiyi çıxışında, bəzi matəm üsullarını, xüsusi ilə başın yarılmasını (əzadarlıq məclislərində qəmə vurmaq) sərt şəklində tənqid edir.
Ayətullah Xamenei Tunis, Misir, Bəhreyn, Liviya və Yəməndəki bəzi ərəb hökumətlərinə qarşı inqilabi hərəkatlar və qiyamların ardından rəhbərlərinin süqutuna səbəb olan bu hərəkatları İslami Oyanış adlandırır.
Bəzi Avropa ölkələri tərəfindən İrana qarşı sanksiyaların artmasından sonra Ayətullah Xamenei, sanksiyalar qarşısında daxili gücün əhəmiyyətini vurğulayır. Onun vurğusu nəticəsində İran siyasi həyatına iqtisadi termin daha çox daxil olur. 2016-cı ilin fevralında İran İslam İnqilabının qələbəsinin qırxıncı il dönümü münasibəti ilə Ayətullah Xamenei, İran İslam Respublikasının lideri olaraq “İnqilabın İkinci Addımı” adlı bəyanat verir.
Ayətullah Xamenei dini hədəflərinə, müxtəlif intellektual və mədəni sahələrdə nəzərdə tutduğu islahatlara çatmaq üçün bir neçə təşkilat yaradır. Bu qurumlar daha çox mədəniyyət sahəsində fəaliyyət göstərirlər. Bunların sırasında: İslam dünyası ensiklopediyasını nəşr edən İslam Ensiklopediyası Vəqfi; İslam dinlərinin yaxınlaşması üçün məclis; Dünya Əhli-Beyt Məclisi; Dua Baş İdarəsi; Əl-Mustafa Beynəlxalq Dərnəyi; İslam Elmləri Kompüter Elmi Tədqiqat Mərkəzi; Əhli-beytə (ə) görə İslam Fiqhi Ensiklopediyası; Hövzələr Xidmət Mərkəzinin adını çəkmək olar.
2000-ci ilin avqustunda Ayətullah Xamenei, Birləşmiş Millətlər Təşkilatında keçirilən “Min illik zirvə toplantısı”na məktub ünvanlayır. Bu mesajı Ayətullah Cavadi Amuli İran nümayəndəsi olaraq toplantıda oxuyur. Bundan əlavə olaraq hacc münasibəti ilə müsəlman zəvvarlara ünvanlanan mesaj Ayətullah Xameneinin illik proqramlarından biridir. Mesajlarda İslam dünyasında baş verən hadisələrə diqqət yetirərkən o, İslam ümməti ilə əlaqəli ən vacib və prioritet məsələləri gündəmə gətirir. İlk dəfə 1990-cı ilin iyulunda, İran İslam Respublikası rəhbərliyindən sonrakı ildə, Allahın müqəddəs evinin zəvvarlarına mesajında müsəlmanlar üçün birlik və vəhdət yaratmağa çalışmalarını onlardan istəyir. Hacıların öldürülməsinə və İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin kəsilməsinə səbəb olan 1987-ci il hadisələrinə toxunaraq o, iranlıların haccdan məhrum edilməsinin səbəbinin onlara qarşı ədalətsiz davranışla səciyyələndirir.
İran İslam Respublikasının Ali Rəhbəri 2016-cı ilin avqust ayında bir mesajında müsəlmanlar arasında birliyin əhəmiyyətini vurğularkən müsəlmanları bir-birinə qarşı durmağa təşviq edən İslam düşmənlərinin istəkləri əleyhinə birlik səylərini nümayiş etdirməyə çağırır.
2014-cü ildə Fransada bir qrup “müsəlman” tərəfindən törədilən terror hücumundan sonra Ayətullah Xamenei Avropa və Şimali Amerika gənclərinə mesaj verir. Bu mesajda gənclərdən İslamı tanımaq üçün əsas mətn olan Qurana və İslam Peyğəmbərinin (s) həyatına müraciət etmələrini onlardan istəyir. "Sizə Məktub" başlıqlı bu mesaj sosial şəbəkələrdə müxtəlif dillərdə geniş yayılır. Ayətullah Xameneinin Qərb gənclərinə ikinci məktubunu 29 dekabr 2015-ci ildə yazır.
MBH tədqiqat mərkəzi.
Ayətullah Seyid Əli Hüseyn Xameneinin həyatına qısa baxış